Baş nazir İrakli Kobaxidzenin bəyanatı - TAM MƏTN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da mətbuata bəyanatlarla çıxış ediblər.

Baş nazir İrakli Kobaxidzenin
bəyanatı
-Hörmətli cənab Prezident.

Hörmətli media nümayəndələri.

Baş nazir seçilməyimdən sonra Azərbaycanda səfərdə olmağımdan çox məmnunam. Bizim üçün çox vacib idi ki, ilk səfərlərdən biri Azərbaycana edilsin. Mən cənab Prezident Əliyevə nümayiş etdirilən qonaqpərvərliyə görə təşəkkür edirəm.

Cənab Prezident, Siz də qeyd etdiyiniz kimi, bizim ölkələri tarixi dostluq bağları birləşdirir və bu münasibətlər çox möhkəm təməl üzərində qurulub. Əminəm ki, bu münasibətlər bundan sonra da eyni ruhda davam edəcək. Hazırda bizim siyasi, iqtisadi və digər sahələrdə çox gözəl dialoqumuz var, müsbət dinamikamız mövcuddur. Bizim niyyətimiz bu əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirməkdir.

Ölkələrimiz arasında siyasi tərəfdaşlığı bir daha qeyd etmək istərdim. Azərbaycana və Prezidentinə təşəkkür edirəm ki, hər zaman ölkəniz bizim ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Bildiyiniz kimi, Gürcüstan da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Bu gün bizim çox məhsuldar görüşümüz oldu, müxtəlif mövzulara toxunduq. Qardaş ölkələrimiz arasında qlobal siyasi hadisələri də müzakirə etdik. Ölkələrimiz arasında tərəfdaşlıq və dostluq həmin qlobal kontekstdə də olduqca vacibdir. Sülh məsələlərinə xüsusi diqqət yetirilməlidir və bizim mövqeyimiz ondan ibarət olmuşdur. Biz sabitliyə maksimum dərəcədə töhfə verməyə çalışmışıq. Biz gələcəkdə də regionumuzda bunu davam etdirəcəyik.

Bizim birlikdə təməlini qoyduğumuz bir sıra layihələr var və onlar strateji əhəmiyyət daşıyır. Gələcək üçün də çox böyük planlarımız var. Biz cənab Prezidentlə bir sıra layihələri müzakirə etdik, orada birgə iştirak imkanlarımız var. Bu sahədə işlər bizim üçün də çox önəmlidir. Eyni zamanda, ticarət məsələsini müzakirə etdik. Azərbaycan Gürcüstanın ilk beşlikdə yer alan ticarət tərəfdaşıdır və biz əminik ki, bu rəqəmlər getdikcə artacaq. Nəqliyyat, energetika sahələrində də çox mühüm potensialımız var və cənab Prezident artıq bunu qeyd etdi. Bu işlər davam etdiriləcək. Qarşılıqlı səfərlər davam edəcək. Nümayəndə heyətlərinin görüşləri davam edəcəkdir ki, bu sahələrdə də bizim əməkdaşlığımız dərinləşdirilə bilsin. Biz bu əməkdaşlığı irəliyə aparmağa tam şəkildə hazırıq.

Ümid edirəm ki, cənab Prezident tezliklə Gürcüstana səfər edəcək. Mən onu artıq dəvət etdim. Bu, bizim üçün çox böyük şərəf olardı. Bu səfər bizim əməkdaşlığımızın dərinləşdirilməsinə bir daha xidmət edəcək. Bir daha vurğulamaq istəyirəm ki, tərəfdaşlığımız mükəmməl səviyyədədir. Əlbəttə, hər zaman potensial var və biz bundan sonra da bu dostluğu, əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirmək üçün əlimizdən gələni edəcəyik.

Cənab Prezident, qonaqpərvərliyə görə bir daha sağ olun.