Baş katib Yens Stoltenberqin bəyanatı - TAM MƏTN

Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər.

Baş katib Yens Stoltenberqin
bəyanatı
- Çox sağ olun, cənab Prezident.

Cənab Prezident Əliyev, Bakıda yenidən olmaq çox xoşdur. Bu, mənim NATO-nun Baş katibi kimi Azərbaycana, Bakıya etdiyim ilk səfərdir. Lakin Bakıya ilk dəfə deyil ki, gəlirəm, çünki mən Norveçin energetika naziri kimi 1990-cı illərdə buraya dəfələrlə gəlmək şərəfinə nail olmuşam. Həmin səfərlər xatirimdədir, çünki ölkənizdə həmin vaxt enerji sektorunun çox inkişaf etdiyini və güclü olduğunu gördüm. Buna görə təhlükəsizliyimiz üçün enerjinin vacibliyini nəzərə alaraq enerji təhlükəsizliyinin müzakirəsi fürsətini əldə etmək məqsədilə buraya yenidən gəlmək çox xoşdur.

Mən Azərbaycanın bir neçə NATO müttəfiqi ilə sıx əlaqələrini inkişaf etdirməsini alqışlayıram və ölkənizin qazın çatdırılmasında, eləcə də gələcək enerjinin, yəni elektrik enerjisinin Avropada NATO-nun əsas müttəfiqlərinə ötürülməsində daha mühüm rol oynadığını görməkdən məmnunam.

Beləliklə, Siz cəmiyyətlərimizin güclənməsində mühüm rol oynayırsınız. Mən, həmçinin NATO-nun Baş katibi kimi burada, Bakıda olmağımdan məmnunam. Çünki Siz də qeyd etdiyiniz kimi, Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır. Biz uzun illərdir bir yerdə çalışırıq. Biz Kosovoda KFOR qüvvələrimizə verdiyiniz dəstəyi çox yüksək dəyərləndiririk, o cümlədən təbii ki, Prezident olduğunuz dövrdə Əfqanıstanda missiyamıza uzun illər verdiyiniz töhfə çox vacib idi. Siz tam haqlısınız. Əfqanıstanı tərk edən ən sonuncu qüvvələrdən biri Azərbaycan hərbçiləri olub. Çünki Siz hava limanının mühafizəsinə görə cavabdeh idiniz və bu, NATO qüvvələrinin Əfqanıstandan təxliyəsində əsas məsələ idi.

Beləliklə, bu göstərir ki, tərəfdaşlığımız təkcə siyasi dialoqa yox, o cümlədən əyani əməkdaşlığa söykənir və biz bunu alqışlayırıq. Bundan əlavə, təbii ki, bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir, o, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir. Buna görə də sülh və sabitlik nəinki burada, həmçinin daha geniş miqyasda təhlükəsizlik üçün vacibdir.

Uzun illərin münaqişəsindən sonra Azərbaycanın hazırda davamlı sülhə nail olmaq imkanı var. Siz söylədiyiniz kimi, sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmağınızla bağlı sözlərinizi yüksək qiymətləndirirəm. Mən Ermənistanla dayanıqlı sülh sazişinə nail olmaq üçün həmin fürsətdən istifadə etməyinizdə Sizi dəstəkləyirəm. Bundan əlavə, həmçinin qeyd etmək vacibdir ki, əgər daha geniş regiona nəzər salsanız, Ukrayna da Qara dəniz ölkəsidir. Bu ölkə NATO-nun tərəfdaşıdır və Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəni davam etdirir. NATO müttəfiqləri hazırda gedən müharibənin fəsadlarından çox narahatdır və NATO müttəfiqləri Ukraynaya dəstək göstərirlər. Mən Azərbaycanın Ukraynaya göstərdiyi çox zəruri dəstəyi alqışlayıram. Söhbət çox zəruri olan humanitar yardımdan gedir, lakin daha çox dəstəyə ehtiyac var, çünki Ukraynadakı vəziyyət olduqca ağırdır.

Mən, həmçinin Azərbaycanda keçiriləcək növbəti COP görüşünü çox səbirsizliklə gözləyirəm. İqlim dəyişmələri təhlükəsizlik üçün vacibdir və buna görə də o, NATO üçün də əhəmiyyətlidir. İqlim dəyişmələri böhranı dərinləşdirir və biz onun fəsadlarını dünyanın hər yerində, o cümlədən burada - Azərbaycanda görürük. Beləliklə, dünya enerjiyə ehtiyac duyur, lakin, eyni zamanda, biz qlobal istiləşməyə qarşı mübarizə aparmalıyıq. Biz enerjiyə olan tələbatı ətraf mühit məsələsi ilə uyğunlaşdırmalıyıq. Azərbaycan təkcə təbii qazını ixrac etmir, hazırda Siz, həmçinin alternativ enerjiyə sərmayə yatırırsınız.

Siz böyük potensial haqqında mənə məlumat verdiniz və su elektrik stansiyalarının, eləcə də külək və günəş enerjisi stansiyalarının tikintisi, elektrik enerjisinin Avropa bazarlarına çıxarılması planlarını təsvir etdiniz.

COP29 çox mühüm tədbir olacaq. Vacibdir ki, hamı iqlim dəyişmələrinə qarşı mübarizə aparsın. O, təhlükəsizliyimiz üçün vacibdir, çünki həmin məsələlər özünü aydın büruzə verir. Bu axşam və sabah məni və nümayəndə heyətimi qəbul etdiyinizə görə çox minnətdaram. Görüşləri və müzakirələri səbirsizliklə gözləyirəm.

Çox sağ olun.