BMT-nin baş katibi Azərbaycan və Ermənistana çağırış edib
BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün bütün qalan ikitərəfli məsələləri həll etməyə çağırır.
Bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.
“O (Baş katib – red.), aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyaları arasında əldə edilmiş razılaşmanı alqışlayır”, - deyə məlumatda bildirilir.
“Baş katib tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasını davam etdirməyə və münasibətlərin tam normallaşması üçün bütün həll olunmamış ikitərəfli məsələləri həll etməyə çağırır”, - Düjarrik əlavə edib.
Qeyd edək ki, ötən gün Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.