Sahibə Qafarova Beynəlxalq Parlamentarilər Konqresinin Baş katibi ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi, senator Sitarə Ayaz ilə görüşüb.

Parlamentdən  verilən məlumata görə, görüşdə Azərbaycanda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti və tədbir çərçivəsində keçirilən müzakirələr haqqında fikir mübadiləsi aparılıb. Bakının evsahibliyi ilə tədbirin təşkili, Azərbaycanın mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa töhfələri yüksək qiymətləndirilib.

Söhbət zamanı, həmçinin Azərbaycan Milli Məclisi ilə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair də müzakirələr aparılıb. Azərbaycan parlamentinin təşkilatın fəaliyyətində yaxından iştirak etdiyi, Milli Məclisin Beynəlxalq Parlamentarilər Konqresinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Asiya Parlament Assambleyası və Türk Dövlətləri Parlament Assambleyası ilə institusional əməkdaşlığının qurulmasında mühüm rolu qeyd edilib.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər mövzular haqqında da fikir mübadiləsi aparılıb.