Ombudsman Cenevrədə beynəlxalq təşkilatın sessiyasında iştirak edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) Cenevrə şəhərində keçirilən illik iclası çərçivəsində “Biznes və insan hüquqları: Milli insan hüquqları təsisatlarının rolu və təcrübələri” mövzusunda tematik sessiyada iştirak edib.
Sessiyada çıxışı zamanı Ombudsman biznes və insan hüquqları sahəsində həyata keçirdiyi fəaliyyət barədə tədbir iştirakçılarına məlumat verib, bu sahədə beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırıb. Eyni zamanda, müvafiq sahədə milli qiymətləndirmə sənədinin cari il hazırlanaraq BMTİP-yə təqdim edildiyi və bu istiqamətdə bir sıra görüşlərin keçirildiyi qeyd olunub.
Səfər çərçivəsində Ombudsman Səbinə Əliyeva BMT-nin İnkişaf Proqramının Biznes və insan hüquqları üzrə qlobal rəhbəri Livio Sarandrea ilə görüş keçirib. Görüşdə biznes və insan hüquqları sahəsində milli qiymətləndirmə sənədi ilə əlaqədar müzakirələr aparılıb.