Səfirliyimizin yeni məkana köçürülməsi istiqamətində İran tərəfi ilə müvafiq iş aparılıb
Ötən ilin yanvarında səfirliyimizə qarşı törədilmiş terror hücumundan sonra, İran tərəfi ilə danışıqların əsas istiqamətlərindən biri səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi məsələsi ətrafında olub. Son bir neçə ay ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında təmaslar və danışıqlar çərçivəsində Azərbaycanın gözləntiləri qarşı tərəfə çatdırılıb. Səfirliyimizin daha təhlükəsiz və səfirlik üçün zəruri olan bütün tələblərə cavab verən yeni məkana köçürülməsi istiqamətində İran tərəfi ilə müvafiq iş aparılıb.
Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Azərbaycanın Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin fəaliyyətinin bərpa edilməsi istiqamətində aparılan işlər barədə yerli medianın sualına cavabında deyib.
O bildirib ki, aparılmış iş nəticəsində, səfirliyin yeni məkanı artıq müəyyən edilib: “Hazırda həmin məkan və binada səfirlik üçün zəruri şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər görülür. Qeyd edilən işlər yekunlaşandan sonra, səfirliyin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır”.