Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət katibinin köməkçisi ilə görüşüb
İyunun 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda normallaşma prosesinin cari vəziyyəti və perspektivləri, eləcə də regional məsələlər müzakirə edilib.
Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əlaqələr və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verib. Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülhün və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb.
Layihə üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında və qanunvericilik aktlarında, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı davam edən iddialardan əl çəkməyin, Konstitusiyaya dəyişik edilməsinin vacibliyi vurğulanıb.
Bununla yanaşı, Ermənistanın hərbiləşmə siyasətinin bölgədə sülhə və sabitliyə xidmət etmədiyi bildirilib.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.