Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
İyulun 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Əvvəlcə MSK-nın iyunun 27-də keçirilən iclasının protokolu təsdiq edilib.
Sonra bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı tədbirlərə dair məsələyə baxılıb.
Aparılan müzakirələrdən sonra yerli və digər şərait nəzərə alınmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi əsas götürülərək, ümumilikdə 24 seçki dairəsi üzrə seçki məntəqələri ilə bağlı Seçki Məcəlləsinin tələblərinə uyğun lazımi tədbirlərin görülməsi müvafiq dairə seçki komissiyalarına həvalə edilib.
Daha sonra MSK-nın normativ xarakterli aktlarına dair məsələyə baxılıb və bəzi normativ xarakterli aktlar son dövrlər qanunvericilikdə edilmiş dəyişikliklərə uyğunlaşdırılıb.
Komissiyanın iclasında 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Respublikaçı Alternativ (REAL) Partiyası, Ağ Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə də baxılıb. Sözügedən partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib.
Xarici qurum və media subyektləri nümayəndələrinin iştirak etdikləri iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunub və cari məsələlərə baxılıb.