COP29-un prezidenti iştirakçı ölkələrin hökumətlərinə rəsmi məktub göndərib
Bir sıra beynəlxalq nəşrlərdə dərc edilən məqalələrdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin COP29-da iştirak edən ölkələrin hökumətlərinə rəsmi məktub göndərildiyi bildirilir.
Britaniyanın “Business Green” nəşrində iyulun 18-də dərc olunan məqalədə yazılır:
“COP29 iqlim sammitinin prezidenti təsdiq edib ki, iqlim maliyyələşdirilməsinin yeni hədəfi haqqında qlobal razılaşmanın əldə edilməsi qarşıdan gələn konfransda danışıqların əsas bəndi olacaq”. Qeyd olunur ki, СОР29-un prezidenti qlobal istiləşməni 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmaq məqsədilə hökumətləri yenilənmiş milli iqlim planlarını təqdim etməyə çağırır. Həmçinin vurğulanır ki, iqlim maliyyələşdirilməsi sahəsində yeni kollektiv kəmiyyət məqsədinin (“New Collective Quantified Goal On Climate Finance – NCQG”) müəyyən edilməsi СОР29-a sədrlik edən ölkə üçün prioritet məsələ olacaq.
Məktubda həmçinin “Çərçivə Konvensiyasının Tərəfləri olan inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq iqlim maliyyələşdirilməsi sahəsində iddialı və real məqsədi razılaşdırmaq” zəruriliyindən bəhs edilir.
COP29 prezidentinin fikrincə, ölkələr iqlim maliyyələşdirilməsinin hədəfi üzrə razılığa gəlmək üçün birgə işləməli olacaqlar. “Bu, təkcə bizim prioritetimiz deyil. Biz birlikdə bu tarixi mərhələyə nail olmaq üçün əlimizdən gələni etməliyik”, - deyə məktubda vurğulanır.
Bundan əlavə, Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (İDÇK) qoşulmuş ölkələrin nazirləri, habelə danışıqlar qruplarının nümayəndələri və QHT-lərin iştirakı ilə Bakıda keçiriləcək iqlim sammiti ərəfəsində keçiriləcək tədbirlər və görüşlər barədə məlumat verib.
Nəşr qeyd edib ki, o, ötən il Dubayda COP28-də işə salınmış və yoxsul və inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin nəticələrinin öhdəsindən gəlməkdə kömək etmək üçün nəzərdə tutulmuş “İtki və zərərin kompensasiyası Fondunun” tam fəaliyyətini təmin etmək üçün addımların atılmasının vacib olduğunu xüsusilə qeyd edib.
СОР29-un prezidentinin məktubu “Beril” qasırğasından sonra doğma Karriaku adasını ziyarət edən və onun dağıdıcı nəticələrindən sarsılan İDÇK-nin icraçı katibi Saymon Stilin beynəlxalq ictimaiyyətə videomüraciət yazdığı həmin gün dərc edilib. İlkin məlumatlara görə, Qrenadinı arxipelaqın tərkib hissəsi olan Karriakudakı evlərin və binaların 98 faizi dağıdılıb və ya əhəmiyyətli dərəcədə zədələnib.
“İndi mən qonşularımın evindəyəm. Qonşu küçədə yerləşən nənəmin evi tamamilə dağıdılıb”, - deyə Stil qeyd edib. “Business Green” nəşrinə görə, iqlim fəlakətləri sadəcə insanların həyatını şikəst etmir, həm də uzunmüddətli xərclərə səbəb olur.
“Bu o deməkdir ki, bütün hökumətlər iqlim dəyişmələri ilə bağlı tədbirləri öz gündəmlərində birinci yerə qoymalıdırlar”, - deyə İDÇK-nin icraçı katibi X sosial media platformasında yayımlanan videoçarxda bildirib və əlavə edib ki, uyğunlaşma, davamlılığın artırılması və icmaların qorunması üzrə daha effektiv planlar lazımdır.
“Karriaku adasındakı evimizdən olarkən mən və həmyerlilərim bütün dünyada yüz milyonlarla insana çox yaxşı tanış olan dağıntıların şahidi olduq. İqlim böhranının nənəmin evinə gətirdiyi bəla bəşəriyyət üçün yeni normaya çevrilməməlidir”, - deyə Saymon Stil sonda bildirib.
Qeyd etmək lazımdır ki, “Business Green” “yaşıl” iqtisadiyyat haqqında məlumat yayan, “yaşıl” biznes xəbərlərini dərc edən və ətraf mühit problemlərini işıqlandıran Böyük Britaniyanın aparıcı biznes nəşridir.//Trend