Azərbaycanın xarici işlər naziri İsrail Xarici İşlər Nazirliyinin baş direktoru ilə görüşüb
İyulun 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin baş direktoru Yakov Blitşteyn arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüş zamanı ikitərəfli və çoxtərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iki ölkə arasında iqtisadi, təhlükəsizlik, yüksək texnologiyalar, təhsil, turizm, energetika, nəqliyyat və s. istiqamətlərdə əməkdaşlığın cari vəziyyəti və perspektivləri, həmçinin Qəzzada vəziyyət barədə geniş müzakirə aparılıb.
Nazir Ceyhun Bayramov qarşı tərəfə post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib.
Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində iki ölkə arasında əməkdaşlıq üçün əlavə imkan yarandığı qeyd edilib.
Görüş çərçivəsində habelə digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.