Daşkənddə Azərbaycan və Özbəkistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri aparılıb
Sentyabrın 18-də Özbəkistan Respublikasının Daşkənd şəhərində Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Özbəkistan nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər Nazirliyinin Konsulluq-hüquq idarəsinin rəisi Bobur Azizov rəhbərlik ediblər.
Görüşə, həmçinin Azərbaycan tərəfindən Dövlət Miqrasiya Xidmətinin, Özbəkistan tərəfindən isə Daxili İşlər Nazirliyinin, Məşğulluq və Əmək Məsələləri üzrə Nazirliyinin, Xarici Əmək Miqrasiyası Agentliyinin rəsmiləri qatılıblar.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycanın müttəfiqi olan Özbəkistanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, danışıqlar zamanı iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, miqrasiya və ədliyyə sahələrində əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə edilib.