Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir
Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun dəvəti ilə qardaş ölkədə səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə bir sıra görüşlər keçirib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, general-leytenant N.İslamzadə səfər çərçivəsində Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, milli müdafiə naziri Yaşar Güler və Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlu ilə görüşüb.
Görüşlərdə Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, gələcək birgə layihələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.