İcma: Ermənistan hökumətindən azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik
Ermənistanın prezidenti Vahaqn Xaçaturyan ölkəsinin mətbuatına verdiyi müsahibəsində ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtması məsələsindən danışıb.
Ermənistan rəhbərliyinin Azərbaycanın reinteqrasiya təklifindən imtina edib Qarabağdan köçüb getmiş ermənilərin qayıdışından danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışından danışmaması absurddur. Bu, Ermənistan tərəfinin ayrı-seçkilik siyasətini açıq şəkildə göstərir.
Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Bəyanatda, həmçinin deyilir: "Ermənistan rəhbərliyinin qayıdış məsələsində qarşılıqlılıq prinsipini gözardı etməsini və azərbaycanlıların Ermənistana qayıdış hüququnu pozmasını qətiyyətlə qınayır, Ermənistan hökumətindən azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik".