UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası davam edir

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası davam edir.

Sessiyada UNESKO-ya üzv olan dövlətlərdən yüksək səviyyəli rəsmilər, o cümlədən bir çox ölkələrin baş nazirləri, baş nazir müavinləri, mədəniyyət, ətraf mühit, turizm nazirləri, həmçinin beynəlxalq təşkilatların rəhbər şəxsləri, UNESKO-nun məşvərət orqanlarının rəhbərləri, 70-ə yaxın ölkənin UNESKO yanında daimi nümayəndəsi və memarlıq, irs və ətraf mühit sahələri üzrə mütəxəssislər iştirak edirlər.

Sessiya zamanı UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl nəzərdən keçiriləcək. Namizədliyi irəli sürülmüş faylların 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir.

Sessiyanın gündəliyinə 2018-2019-cu illər üçün nəzərdə tutulmuş büdcənin icrası barədə hesabatın dinlənilməsi, 2020-2021-ci illər üçün Dünya İrsi Fondunun büdcə təklifi ilə bağlı müzakirələr, Məşvərət orqanlarının hesabatlarının dinlənilməsi, Dünya İrsi Siyahısına daxil edilmək üçün namizədliyi irəli sürülmüş faylların nominasiya prosesi və siyahıya daxil edilmiş abidələrin qorunması ilə bağlı müzakirələrin aparılması daxildir.

 
Qeyd edək ki, hazırda Qız Qalası və Şirvanşahlar Saray Kompleksi ilə birgə İçərişəhər Tarixi-Memarlıq Qoruğu və Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Dünya İrsi Siyahısında yer alır.