Prezident Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 4-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olublar.
Yerveinsan.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma burada yaradılan şərait barədə ətraflı məruzə edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP29-un keçiriləcəyi tarixlərdə tədbir məkanı ərazisində istifadə ediləcək yük və sərnişindaşıma, eləcə də tibbi və yanğınsöndürmə üçün nəzərdə tutulan elektrikli minimobillər, Sammit zamanı yüksəksəviyyəli qonaqların ərazidə hərəkətini təmin etmək üçün istifadə olunacaq qolf-mobillər və elektrikli avtobuslar, həmçinin tədbir günlərində şəhər ərazisində hərəkət edəcək digər elektrikli nəqliyyat vasitələrinə baxıblar.
Dövlətimizin başçısı və birinci xanım COP29-un rəsmi Mavi Zonasında açılış mərasimində Milli bəyanatların səsləndiriləcəyi “Nizami” Plenar İclas zalı, İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti üçün hazırlanan məkanlar, eləcə də rəsmi danışıqların aparılacağı sahələrdə təşkil edilən çoxfunksiyalı müxtəlif görüş otaqları ilə tanış olublar. Qeyd edilib ki, burada Azərbaycanın mədəniyyəti və təbiətini təbliğ edən müxtəlif ekspozisiya və sərgilər var. Bildirilib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına yaxın günlərdə təhvil veriləcək Mavi Zonada hazırda COP29 çərçivəsində pre-sessiya görüşləri keçirilir.
Dövlətimizin başçısı və birinci xanım akkreditasiya və qeydiyyat prosesləri ilə tanış olublar. Bu günədək konfransda qeydiyyatdan keçmiş nümayəndə heyətləri ilə bağlı ətraflı məlumat verilib, tədbirə böyük marağın olduğu bildirilib.
Digər ölkələrin və tərəflərin pavilyonlarının yerləşdiyi zonaya baxan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada Azərbaycan və digər ölkə pavilyonlarının tikinti prosesləri ilə tanış olub, müxtəlif maraqlı tərəflərin iştirakı ilə geniş iştirakçı auditoriyası, eləcə də ictimaiyyət üçün açıq platforma rolunu oynayacaq Yaşıl Zonada olublar, Heydər Əliyev Fondu və Sıfır Atık Fondunun birgə pavilyonu olan Həmrəylik Mərkəzi, həmçinin digər tərəfdaşların və ölkələrin sərgi stendlərinə baxıblar. Yaşıl Zonanın ümumi konsepti, bu zonada keçiriləcək yüksəksəviyyəli konfrans və tədbirlər barədə ətraflı məlumat verilib.