Axtarışa verilmiş şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə səmərəli əməkdaşlıq çərçivəsində beynəlxalq axtarışa verilmiş cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı tədbirlər davam etdirilir.
Nazirlikdən bildirilib ki, noyabrın 2-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən daha bir nəfər şəxsin nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Belə ki, dələduzluq, rüşvət vermə, sənədləri saxtalaşdırma və qanunsuz miqrasiyanı təşkil edərək (AR Cinayət Məcəlləsinin 178.3.1, 29, 178.3.1, 320.1, 320.2, 32.4, 312.2, 29, 318-1.2.1-ci maddələri) bir sıra şəxslərə külli miqdarda ziyan vurmaqda ittiham edilmiş Allahverdi Məmmədovun yeri Almaniya Federativ Respublikasında müəyyən olunaraq həbs edilib.
Həmin şəxsin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin Ədliyyə Nazirliyi tərəfindən təqdimatı əsasında razılıq əldə olunaraq, A.Məmmədov Nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Almaniyadan ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.