Rusiya və Azərbaycan Xəzər dənizinin dayazlaşmasının qarşısının alınması proqramını gələn il qəbul edəcək
Rusiya və Azərbaycan Xəzər dənizinin səviyyəsinin azalmasının qarşısını almaq məqsədilə hazırlanmış birgə proqramı 2025-ci ilin birinci rübündə təsdiq etməyi planlaşdırır.
Bu barədə Rusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov Bakıda Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşündə məlumat verib.
Nazir bildirib ki, Xəzər dənizinin səviyyəsinə əsasən iqlim dəyişiklikləri təsir edir. O, dəniz səviyyəsinə çayların axınındakı təbii dalğalanmalar və buxarlanmanın intensivliyinin də təsir göstərdiyini vurğulayıb:
"Səviyyəni tam dayandırmaq mümkün deyil. Ancaq davam edən dəyişikliklərə uyğunlaşmaq mümkündür. Biz də bu uyğunlaşma tədbirlərini Rusiya-Azərbaycan proqramımıza daxil edəcəyik."
Görüşdə tərəflər, həmçinin, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişi müzakirə ediblər.
Saziş çərçivəsində Xəzər dənizi ilə bağlı məsələlərlə yanaşı, bioloji müxtəlifliyin qorunması, qorunan ərazilərin inkişafı və bərk məişət tullantılarının idarə edilməsi kimi sahələrdə də əməkdaşlıq nəzərdə tutulur.//Trend