FHN: Naxçıvanda hərbi sursat aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən Kəngərli rayonunun Yeni Kərki və Qabıllı kəndləri ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.

FHN-in mətbuat xidmətindən  bildirilib ki, məlumatlarla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilən sursatların bir ədəd PQ-2 40 millimetrlik qumbaraatan mərmisi, bir ədəd 85 millimetrlik BR-365 yivli top mərmisi, bir ədəd 76 millimetrlik B-350 zirehdələn top mərmisi, bir ədəd 23 millimetrlik OFZT yivli zenit top mərmisi və bir ədəd RPG-7 qumbaraatan mərmisinin başlıq hissəsi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.