Azərbaycan müdafiə nazirinin müavini IDEX sərgisində iştirak edir

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində keçirilən 17-ci IDEX Beynəlxalq Müdafiə Sərgisi və Konfransı ilə 8-ci NAVDEX Dəniz Müdafiəsi Sərgisi və Konfransında iştirak edir.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Dünyada müdafiə sənayesi sahəsindəki ən böyük sərgilərdən biri olan, 65 ölkədən 1560 şirkətin öz məhsullarını nümayiş etdirdiyi IDEX sərgisində Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi də stendlə təmsil olunur.
Baş direktor Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin, eləcə də digər ölkələrə məxsus şirkətlərin stendlərində nümayiş olunan müasir silah və texnika nümunələri ilə tanış olub.
Sərgi çərçivəsində A.Qurbanov Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak, Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov, İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto, Türkiyə Respublikasının milli müdafiə nazirinin müavini Musa Heybet, eləcə də dünyanın bir neçə aparıcı şirkətlərinin rəhbər heyətləri ilə görüşüb.
Keçirilən görüşlər zamanı hərbi, hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.