Ceyhun Bayramov Əsəd Məcid Xan ilə görüşüb

Bu gün xarici işlər naziri Ceyhun Bayramov 12-ci Bakı Qlobal Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Əsəd Məcid Xan ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq imkanları, Təşkilatın fəaliyyətinin gücləndirilməsi səyləri, Təşkilatın ölkəmizdə keçiriləcək Zirvə görüşünə hazırlıq işləri, habelə regional məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatının işinə əhəmiyyət verdiyini, Təşkilatın əhatə etdiyi regionun iqtisadi-ticarət, nəqliyyat-kommunikasiyalar sahələri üzrə imkanlarla zəngin olduğunu, bu baxımdan bölgənin mövcud potensialından istifadənin vacibliyini qeyd edib.
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən bəhs olunub, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ətraf mühitlə bağlı təşəbbüslərin irəlilədilməsinin əhəmiyyəti qeyd edilib.
Cari ildə ölkəmizdə keçiriləcək Zirvə görüşünün İqtisadi Əməkdaşlıq Təşkilatının inkişafı, gücləndirilməsi baxımından mühüm rol oynayacağı, bu baxımdan üzv ölkələrin fəal iştirak və töhfələrinin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.