Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Slovakiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Daniel Zmekonun dəvəti ilə bu ölkəyə rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, səfərin ilk günü Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik K.Vəliyevin slovakiyalı həmkarı general-leytenant D.Zmeko ilə görüşündə hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra general-polkovnik K.Vəliyev Slovakiya müdafiə nazirinin müavini Martin Voytaşoviç ilə görüşüb.

Tərəflər hər iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığa dair müzakirələr aparıblar.