Ceyhun Bayramov Şeyx Sabah Xalid Əl-Həməd Əl-Mübarək Əl-Sabah ilə görüşüb

Küveytə rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid Əl-Həməd Əl-Mübarək Əl-Sabah ilə görüşüb.

Bu barədə XİN-in "X" sosial şəbəkəsindəki paylaşımda bildirilir.

Məlumata əsasən, tərəflər Azərbaycan və Küveyt arasında ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsi sahələrini, müxtəlif sektorlar üzrə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət ayırıblar.

Hər iki tərəf xüsusilə iqtisadi inkişaf, ticarət, investisiya, enerji təhlükəsizliyi və turizm kimi sahələrdə əməkdaşlıq üçün mövcud imkanlardan tam istifadənin vacibliyini vurğuladılar. Həmçinin bu əlaqələrin daha da dərinləşməsində Əməkdaşlıq üzrə Birgə Komissiyanın mühüm rolu vurğulanıb.

Bundan əlavə, Ceyhun Bayramov Cənubi Qafqazda baş verən hadisələr, xüsusilə də Azərbaycanın azad olunan ərazilərində münaqişədən sonrakı bərpası və sülh səyləri ilə bağlı son məlumat verib.