Baş katib To Lamın bəyanatı

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış ediblər.

Baş katib To Lamın
bəyanatı
 
- Hörmətli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Hörmətli xanımlar və cənablar.

Əvvəlcə mən azərbaycanlı dostların səmimi qəbuluna görə cənab Prezidentə dərin təşəkkürümü bildirmək istəyirəm. Cənab Prezident, Vyetnamın ünvanına söylədiyiniz xoş sözlərə və iki ölkə arasındakı münasibətləri belə yüksək dəyərləndirdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Hazırkı səfərim diplomatik münasibətlər qurulduqdan sonra Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana ilk səfəridir. Bu, Azərbaycanla bütün sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsində Vyetnamın qətiyyətli olduğunu nümayiş etdirir. Bütün bunlar, öz növbəsində, ölkələrimiz arasında ənənəvi dostluğa və əməkdaşlıq potensialına cavab verir. Biz etimad, dostluq və səmimiyyət şəraitində cənab Prezidentlə uğurlu danışıqlar apardıq və yaxın zamanlarda iki ölkə arasında əlaqələrin strateji istiqamətlər üzrə inkişaf etdirilməsi barədə razılığa gəldik. Şadıq ki, ölkələrimizin münasibətləri Prezident Ho Şi Minin Azərbaycana 1959-cu ildə səfəri ilə başladı.

Onun səfərindən sonra müxtəlif təmaslar və səfərlər olmuşdur. Ölkələrimiz arasında əlaqələr dövlət rəhbərləri və xalqlarımız tərəfindən daim gücləndirilmişdir. Biz siyasi, diplomatik, energetika, müdafiə, ticarət və digər sahələrdə yaxşı nəticələr əldə etmişik. Bu əsasla biz strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı artıq qəbul etdik. Bu isə ölkələrimizin münasibətlərinin tarixində yeni dövr, yeni səhifə açır. Əminəm ki, biz yaxın zamanlarda ikitərəfli münasibətlərimizi dərinləşdirə və genişləndirə biləcəyik, inkişaf naminə üstün cəhətlərimizdən faydalanacağıq.

Birgə Bəyanatda əks olunan müddəaları icra etmək üçün beş məsələni təklif edirəm. Cənab Prezidentin də indicə qeyd etdiyi kimi, birinci məsələ partiya, dövlət, parlament və rayonlar kimi bütün səviyyələrdə əlaqələri və təmasları fəallaşdırmaqdır. İstərdim ki, Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələr fəal olsun, imzalanmış razılaşmalar icra edilsin, mövcud əməkdaşlıq mexanizmlərinin səmərəliliyi artırılsın və yeni mexanizmlərin yaradılması imkanları araşdırılsın. Mən Prezident Əliyevi yaxın zamanlarda Vyetnama səfərə dəvət edirəm. O, artıq dəvətimi qəbul edib.

İkincisi, hökumətlərarası komissiya vasitəsilə ticari-iqtisadi əməkdaşlığı fəallaşdırmaq. Əmtəə dövriyyəsi və sərmayələri artırmaq, iki ölkənin işgüzar dairələrini bir araya gətirmək, energetika, neft və qazla yanaşı, bütün sahələrdə əməkdaşlıq etmək, dəmir yolları, dəniz yolları, kənd təsərrüfatı sahələrində digər əməkdaşlıq imkanlarını araşdırmaq vacibdir.

Biz hökumətlərarası komissiyanın növbəti iclasının tezliklə baş tutması məsələsini nəzərdən keçirəcəyik. Həmin komissiyanın gələcək iclasının nəticələrini səbirsizliklə gözləyirik, çünki o, artıq strateji tərəfdaşlıq əsasında həyata keçiriləcək.

Üçüncüsü, biz müdafiə və təhlükəsizlik sahələrində əlaqələri fəallaşdırmalıyıq, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə sahələrində münasibətlərimizi inkişaf etdirməliyik.

Dördüncüsü, mədəniyyət, idman və turizm, təhsil, xalqlararası təmaslar və regionlar sahələrində əməkdaşlığı genişləndirməliyik. Biz məşqlər, idman yarışlarının təşkili sahəsində təcrübə mübadiləsi barədə razılığa gəldik, eləcə də turizmi təşviq edəcəyik, tələbələri sizin güclü olduğunuz ixtisaslara yiyələnmək üçün göndərəcəyik. Xalqlararası təmaslara gəldikdə, istərdim ki, Dostluq Cəmiyyəti yaradılsın.

Beşincisi, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparmalıyıq və BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Toplantısı kimi təşkilatlarda bir-birimizi dəstəkləməliyik.

Biz, həmçinin sülhsevər yanaşmanı dəstəklədiyimizi qeyd etdik. Biz mübahisələrin dinc yolla həllini, beynəlxalq hüquqa, o cümlədən BMT-nin 1982-ci il tarixli Dəniz Hüququ Konvensiyasına uyğun olaraq, gücdən istifadə etməmək və onun istifadəsi ilə hədələməmək kimi prinsiplərin vacibliyini bildirdik. Əminəm ki, iki ölkə rəhbərlərinin qətiyyəti ilə ikitərəfli münasibətlərimiz bundan sonra da xalqlarımızın rifahı, eləcə də regionda və dünyada sülh, sabitlik və əməkdaşlıq naminə inkişaf edəcək.

Təşəkkür edirəm.