MN: Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Mayın 10-u saat 09:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bundan başqa, Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi barədə tamamilə yalan və dezinformasiya məqsədi daşıyan məlumat yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır.

Bölmələrimiz tərəfindən yalnız qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.