Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına dair interaktiv xəritənin təqdimatı keçirilib

Bakı Dövlət Universitetində (BDU) "Environmental Protection First" koalisiyasının hazırladığı Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesi müəssisələrinin ətraf mühitə mənfi təsirlərini əks etdirən interaktiv xəritənin təqdimatı keçirilib.
BDU-dan bildirilib ki, koalisiyanın həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov və koalisiyanın üzvü Müqabil Bayramov koalisiyanın fəaliyyəti barədə tədbir iştirakçılarını məlumatlandırıblar. Koalisiyanın həmtəsisçisi Amin Məmmədov bildirib ki, görüşün əsas məqsədi BDU-nun professor-müəllim heyəti və tələbələrini Ermənistanın dağ-mədən sənayesinin Qafqazda ətraf mühitə təsiri barədə məlumatlandırmaq, bunun nəticəsində ətraf mühitə dəyən zərərin qiymətləndirilməsi istiqamətində birgə fəaliyyətə qoşulmağa təşviq etməkdir.
Qeyd olunub ki, Ermənistan ərazisində 20-dən çox nöqtədə, Azərbaycanla həmsərhəd bölgələrə yaxın ərazilərdə müxtəlif əlvan və qara metallar hasil edən sənaye müəssisələrinin peyk görüntüləri əsasında geniş hesabat və interaktiv xəritə hazırlanıb. İnteraktiv xəritənin hazırlanmasında müxtəlif illərə aid xəritələrdən, arxiv və digər hesabat materiallarından geniş istifadə olunub.
Sonra xəritənin hazırlandığı interaktiv saytın əyani təqdimatı keçirilib və saytın funksional imkanları barədə məlumat verilib.
Tədbir müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.//Trend