Muxtar Babayev: Azərbaycan Xəzərin dayazlaşması probleminə dair sammitin keçirilməsi təklifi ilə çıxış edib

Azərbaycan ilə Qazaxıstan arasında Xəzər dənizində biomüxtəlifliyin qorunmasına dair Tehran Konvensiyası çərçivəsində fəal əməkdaşlıq qurulub.
Bu sözləri jurnalistlərə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəhbəri Muxtar Babayev deyib.
Onun sözlərinə görə, həmin konvensiya çərçivəsində həm elmi, həm də praktiki aspektlər, o cümlədən suyun səviyyəsinin azalması ilə bağlı risklər müzakirə olunur.
M.Babayev əlavə edib: “Bu risklər çoxaspektlidir - kənd təsərrüfatından infrastruktura, o cümlədən limanlara və logistikaya təhdidlər, həmçinin havanın keyfiyyətinə təsiri əhatə edir, çünki toz kütlələri dənizin qurumuş ərazilərindən qalxa bilər”. O qeyd edib ki, Azərbaycan Xəzərin dayazlaşması probleminə dair sammitin keçirilməsi təklifi ilə çıxış edib.
“Gündəliyi formalaşdırmaq və tədbirin tarixini müəyyən etmək üçün Xarici İşlər Nazirliyində işçi qrupu yaradılıb. Bütün Xəzəryanı dövlətlər məsləhətləşmələrdə iştirak etmək üçün dəvət olunub”, - deyə o əlavə edib və bu yaxınlarda Sankt-Peterburqda keçirilən Nevski Ekoloji Konqresinin sessiyalarından birinin həmin problemə həsr olunduğunu vurğulayıb.
“Hazırda bu ciddi prosesin nəticələrinin yumşaldılması strategiyasının hazırlanması məqsədilə Qazaxıstan və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirilir”, - deyən M.Babayev problemin bütün Xəzəryanı ölkələri, regionu və bütövlükdə dünyanı narahat etdiyini vurğulayıb.
O diqqətə çatdırıb ki, Xəzər dənizi ilə bağlı vəziyyət İranda Urmiya gölü və Qazaxıstanın Özbəkistanla sərhədində Aral dənizinin faciələri ilə müqayisə oluna bilər.
“Bu proseslər artıq Urmiya və Aral dənizi bölgələrində daxili miqrasiyaya səbəb olur və bölgə üçün ciddi sosial problemlər yaradır”, -deyə o vurğulayıb.
Qazaxıstanla qarşılıqlı fəaliyyətə gəlincə, M.Babayevin sözlərinə görə, Azərbaycan bu ölkənin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edir. “Tehran Konvensiyası çərçivəsində işçi qrupunun növbəti iclasının keçirilməsi planlaşdırılır”, - deyə o sözlərini yekunlaşdırıb.//Azərtac