Naxçıvanda 38 dönərxanada nöqsanlar aşkarlanıb

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyində dönərxanalarda kütləvi qida zəhərlənmələrinin intensiv hal alması nəzərə alınaraq qabaqlayıcı tədbirlərin görülməsi və istehlakçı hüquqlarının qorunması istiqamətində nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İşçi qrupu yaradılıb.

Agentlikdən bildirilib ki, İşçi qrupu tərəfindən istirahət və bayram günləri də daxil olmaqla Muxtar Respublikada fəaliyyət göstərən dönərxanalarda həyata keçirilmiş monitorinqlər zamanı 38 belə obyektdə sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyi sahəsindəki texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkar olunub. Belə ki, sözügedən dönərxanalarda izləmə sisteminin tətbiq olunmadığı, dönərə əlavə edilməsi nəzərdə tutulan mayonez və sousların müvafiq temperaturda saxlanmadığı, çiy dönərin donunun açılması prosesinin düzgün həyata keçirilmədiyi, ötən günlərdən qalıq qalmış bişmiş dönərin növbəti günlərdə istehlakçılara təqdim olunduğu, işçilərin ilkin və dövri tibbi müayinələrə cəlb edilmədiyi, mal qonşuluğu prinsipinə əməl olunmadığı, bəzi dönərxanalarda su-kanalizasiya sisteminin, dönər aparatlarının nasazlığı və ət dönərlərinin müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib. Aparılan dövlət nəzarəti tədbirləri çərçivəsində həmin nöqsanların aradan qaldırılması təmin olunub.

Şübhəli məhsul hesab edilən çiy və bişmiş dönərdən, mayonez və souslardan nümunələr götürülərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib, uyğunsuzluq aşkarlanmış məhsullar barəsində müvafiq qərar qəbul olunaraq icra edilib. Nəzarət tədbirləri zamanı yararlılıq müddəti bitmiş 1150 kiloqram çiy dönər məhsulu dövriyyədən kənarlaşdırılıb. Sözügedən məhsul barədə qanunvericiliyə uyğun olaraq müvafiq qərar veriləcək. Daha ciddi nöqsanların aşkarlandığı 6 dönərxananın fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, təkrar baxış zamanı verilmiş tapşırıqların icrası təmin olunan obyektlərin fəaliyyətinə icazə verilib.