SELİNLƏ BABANIN TƏBİƏT BARƏDƏ SÖHBƏTLƏRİNDƏN - 1-ci söhbət

Axşamçağı, beş yaşı yenicə tamam olmuş Selin Mahmud baba ilə Cavid bağında gəzə-gəzə söhbət edirdi. Baba soruşdu:

— Selin, sən təbiətin nə olduğunu bilirsənmi?

— Bilirəm, baba. Təbiət insanların istirahət etdiyi yerdir, — dedi Selin.

— Əslində sən düz deyirsən,  gülüm. İnsanlar təbiət qoynunda istirahət edir, dincəlir. Mən görürəm ki, sən təbiətlə — heyvanlar və bitkilərlə bağlı cizgi filmlərini çox sevirsən, hətta bilmədiyin ingiliscə də seyr etməyi xoşlayırsan. Gəl bir qədər geniş düşünək.

 Təbiət — insanlar tərəfindən yaradılmamış, amma bizi əhatə edən hər şeydir: günəş, su, hava, bitkilər, heyvanlar, dağlar, çaylar və daha nələr-nələr...

Təbiət insanların yaşadığı və yaşamaq üçün lazım olan hər şeyi əldə etdiyi yerdir. Təsəvvür elə ki, biz yeməyi, suyu, havanı, istiliyi və işığı məhz təbiətdən alırıq.

Əgər sən təbiətdəki heyvanların və bitkilərin müxtəlifliyini öyrənsən və mənim sənə əvvəllər izah etdiyim kimi, ilin fəsillərindəki dəyişiklikləri müşahidə etsən, onda təbiət qanunlarını da başa düşə bilərsən…

…Təbiətlə təmasda olmaq insana zövq verir, onu düşündürür, ilhamlandırır və yaradıcılığını artırır. İnsan təbiət sayəsində daha səmərəli işləyə bilər, maraq dairəsi genişlənər, qavrayışı inkişaf edər.

Biz insanlar — böyükdən kiçiyə — təbiətə hörmətlə yanaşmalı, onun ehtiyatlarından səmərəli istifadə etməli, bitkiləri və heyvanları qorumalıyıq.

Selincan, təbiət iki yerə bölünür: canlı və cansız təbiət.

Baba, bəs onlar necə fərqlənir bir-birindən?

Canlı təbiət — böyüyən, nəfəs alan, qidalanan və inkişaf edən varlıqlardır: bitkilər, heyvanlar və insanlardır.

Cansız təbiətə isə su, hava, torpaq, daşlar və digər cansız varlıqlar daxildir.

Bitkilər canlı varlıqlardır. Onlar günəş işığı, su və karbon qazı vasitəsilə öz qidalarını hazırlayırlar. Bitkilərin kökü, gövdəsi, yarpağı və çiçəkləri olur. Onlar havanı bizim yaşamağımız üçün vacib olan oksigenlə zənginləşdirir, torpağı möhkəmləndirir, ətraf mühiti qoruyurlar. Ağaclar, otlar, kollar, çiçəklər və taxıllar bitkilərə aiddir. İnsanlar bitkilərdən ərzaq (meyvə, tərəvəz), dərman, odun və geyim materialı (məsələn, pambıq) kimi istifadə edirlər.

Heyvanlar da canlı varlıqlardır, lakin bitkilərdən fərqli olaraq öz qidalarını hazırlaya bilmirlər — onlar digər canlılarla qidalanırlar. Heyvanların çoxu hərəkət edə bilir, hiss orqanlarına malikdir və ətraf mühitə həssasdırlar.

Heyvanlar üç yerə bölünür: yırtıcılar, ot yeyənlər və həm ət, həm də ot yeyənlər.

Onlar ev heyvanları (pişik, it, inək) və vəhşi heyvanlar (aslan, ayı, maral) kimi də qruplaşdırılır.

Babacan, adamlar heyvanları bəsləyir, onlara yemək verir, əzizləyirlər,  bəs  heyvanlar bizə nəsə verirlər?- soruşdu Selin.

İnsanlar lap qədimlərdən indiyə kimi heyvanlardan qida, dərman, geyim (yun, dəri) və iş qüvvəsi kimi istifadə edirlər.

Selincan, biz səninlə təbiət, onun sakinləri və xüsusiyyətləri barədə danışdıq. Əminəm ki, sən ekologiya haqqında da eşitmisən. Axı atanla anan ixtisasca ekoloqdurlar. Universiteti qırmızı diplomla bitiriblər. Televiziyada baxdığın kanallarda da tez-tez ekologiya ilə bağlı məlumatlar verilir.

  Selin, - Baba, mən bunu eşitmişəm, amma onun nə olduğunu bilmirəm – dedi.

Ekologiya — bizim bir hissəsi olduğumuz təbiətin sağlam saxlanılması və çirklənmədən qorunması haqqında elmdir.

Selin, yadında saxla ki, bitkilər və heyvanlar bizim dostlarımızdır. Meşələri, gölləri, dənizləri təmiz saxlamaq hamımızın borcudur. Təbiət bizə hava, su və qida verir — biz də onu qorumalıyıq.

Hər evdə yemək və məişət tullantıları yaranır. Bunları “zibil” kimi atmazdan əvvəl tullantıları ayırmaq lazımdır: kağız, plastik, metal və şüşə ayrı-ayrı qablaşdırmalara atılmalıdır.

Əgər biz tullantıları düzgün ayırsaq, ətraf mühitin çirklənməsinin qarşısını alarıq. Bu, Vətənimiz Azərbaycana da xeyir verər.

İndi sənə bir neçə tövsiyəm olacaq, Selin – onları yadda saxla.

Suya və enerjiyə qənaət etmək də vacibdir.

Səhər dişlərini fırçalayan zaman suyu boşuna axıtmaq olmaz.

Elektrik lampalarını istifadədən sonra söndürmək lazımdır.

Enerji və suya qənaət — təbiətə kömək deməkdir.

Hava da təmiz saxlanmalıdır. Çünki hava çirkləndikdə nəfəs almaq çətinləşir. Avtomobillər çox tüstü buraxır, ağaclar isə havanı təmizləyir. Ona görə də ağac əkmək və onları qorumaq vacibdir.

Heyvanları incitmək olmaz.

İmkan olanda quşlar üçün yem hazırlamaq yaxşıdır. Onlar da bizim kimi hiss edirlər və təbiətdə öz vacib rollarını oynayırlar.

Sadə Ekoloji Vərdişlər:

Suyu qənaətlə istifadə et, Kağızı israf etmə, Ətrafı zibilləmə, əksinə — zibili topla.