NİİM sürücülərə növbəti dəfə müraciət edib

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə növbəti dəfə müraciət edib.

Bu barədə NİİM-dən məlumat verilib.

“Tələsirlər, ara məsafəsi saxlamırlar. Nəticədə qəzalar baş verir. Yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəblərindən biri də bəzi sürücülərin hərəkət zamanı düzgün ara məsafəsi saxlamamasıdır. Müşahidə kameraları vasitəsi ilə qeydə alınan qəzaların təhlili göstərir ki, bu cür hadisələr, xüsusilə paytaxtın Heydər Əliyev, 8 Noyabr prospektləri, Aeroport və Mərdəkan şoseləri, həmçinin Buzovna-Zuğulba və digər yollarda qeydə alınır. Bununla yanaşı, müşahidələr onu da deməyə əsas verir ki, bəzi sürücülər yolun sol hərəkət zolağında sürətlə hərəkət edirlər, düzgün ara məsafəsi saxlamamaqla yanaşı, qarşıda sıxlıq yarandıqda və hər hansı bir maneə ilə qarşılaşdıqda qəfil və məcburi tormozlama nəticəsində zəncirvari qəzalara səbəb olurlar. Bu kimi hadisələr, təəssüf ki, bəzən ölüm və ya xəsarətlə nəticələnir”, - deyə müraciətdə vurğulanıb.

NİİM bir daha “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin müvafiq bəndini sürücülərin diqqətinə çatdıraraq bildirir ki, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə isə nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır.