İqlim dəyişmələri, dayanıqlı inkişaf və gənclərin qlobal iqlim gündəmində iştirakı müzakirə edilib

Sentyabrın 2-də “Sea Breeze Resort” ərazisində Azərbaycan Gənclərinin Lokal Konfransı – “LCOY Azerbaijan-2025”in ikinci günü keçirilib.

Tədbir iqlim dəyişmələri, dayanıqlı inkişaf və gənclərin qlobal iqlim gündəmində iştirakının müzakirəsinə həsr olunub.

“LCOY Azerbaijan-2025”in əsas təşkilatçısı 25 illik təcrübəyə malik olan və dayanıqlı inkişaf, ekoloji təhsil və gənclərin ətraf mühitlə bağlı qərarların qəbuluna fəal cəlb edilməsi sahəsində fəaliyyət göstərən “EkoSfera” Ekoloji-Sosial Mərkəzidir. Konfrans Bakı Dövlət Universiteti və “Sea Breeze Resort” ilə tərəfdaşlıq çərçivəsində, CBC-nin (Caspian International Broadcasting Company) informasiya dəstəyi ilə təşkil olunub.

Konfransın ikinci günündə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev ölkəmizdə COP29-un keçirilməsinin qlobal iqlim diplomatiyasında mühüm tarixi hadisə olduğunu qeyd edərək, gənclərin bu prosesdə fəal iştirakının zəruriliyini vurğulayıb. O, Azərbaycan gənclərinin iqlim gündəminə dair təşəbbüslərinin yalnız milli səviyyədə deyil, həm də beynəlxalq arenada əks-səda doğuraraq gələcək qlobal siyasətin formalaşmasına töhfə verəcəyini bildirib.

Açılış mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin deputatı, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Tural Abbasov çıxış edərək, gənclərin iqlim məsələlərinə verdiyi töhfənin əhəmiyyətini yüksək qiymətləndiriblər. “EkoSfera” Ekoloji-Sosial Mərkəzin rəhbəri və COP29 Təşkilat Komitəsinin üzvü olan Firuzə Sultan-zadə gənclərin davamlı gələcəyin qurulmasında mühüm rol oynadığını xüsusi vurğulayıb.

Günün proqramı çərçivəsində “İqlim və dayanıqlı gələcək: Gənclərin baxışı” və “İqlim dəyişmələri və dayanıqlı infrastruktur” mövzularında panel müzakirələri təşkil olunub. Sessiyalarda dövri iqtisadiyyat və ekoinnovasiyalar, biomüxtəliflik və ekosistemlərin bərpası, ESG prinsipləri, tullantılardan dəyər yaratmaq, sosial ədalət, yaşıl iş yerləri, su təhlükəsizliyi və QHT-lərin rolu mövzuları üzrə təqdimatlar dinlənilib.

“Sea Breeze Resort”da Azərbaycan Gənclərinin İqlim üzrə Bəyanatının yekun variantı müzakirə edilərək ilkin versiya qəbul olunub. Sözügedən sənəd COP30 çərçivəsində təqdim ediləcək Qlobal Gənclər Bəyanatına töhfə kimi çıxış edəcək.

Qeyd edək ki, konfransın rəsmi açılış mərasimi sentyabrın 1-də Bakı Dövlət Universitetində olub.

Bu konfrans gənclərin milli və beynəlxalq iqlim proseslərində daha fəal rol almasına zəmin yaradan mühüm bir platforma kimi yadda qalacaq.//Az'rtac