Dövlət Komissiyası: Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 3 min 614 nəfər cinayət məsuliyyətinə cəlb olunub

Bu ilin yanvar-avqust aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 3 min 614 nəfər cinayət məsuliyyətinə cəlb edilib, həmin şəxslərdən 3 min 499-u kişi, 115-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş 67 xarici ölkə vətəndaşından ümumilikdə 900 kiloqram 251,475 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qram çətənə bitkisi götürülüb.

Bu barədə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Qeyd olunub ki, hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 160 fakt aşkar edilib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 504 kiloqram 596,74 qram və 5 min 183 həb metadon narkotik vasitə və psixotrop maddə, 13 min 194 ədəd həb güclü təsir edən maddə çıxarılıb. Ümumilikdə aşkarlanmış cinayətlərin 183-ü qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 737 kiloqram 722,253 qram narkotik vasitə, psixotrop maddə və 27,3 qram güclü təsir edən maddə müsadirə olunub.

Məlumata görə, 1744 cinayət faktı əvvəllər məhkum edilmiş şəxslər tərəfindən törədilib və onlardan 1 ton 377 kiloqram 232,99 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə olunub.