Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında qələbə qazanıb

Azərbaycanın daha 3 boksçusu Monteneqronun Budva şəhərində keçirilən U-15 Avropa çempionatında qələbə qazanıb.

Azərbaycan Boks Federasiyasından  bildirilib ki, Onur Qurbanov (42 kiloqram) 1/4 finalda Arkan Zoubi (İsrail) ilə qarşılaşıb. O, döyüşü 5:0 (29:29, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə xeyrinə bitirib. Boksçu yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib. Qurbanov finala gedən yolda Meyson Lonqla (İngiltərə) üz-üzə gələcək. Döyüş oktyabrın 24-də olacaq.

Sərxan Haqverdiyev (63 kiloqram) 1/8 finalda Rikardo Karabası (Avstriya) sınağa çəkib. Boksçumuza rəqibini mübarizədən kənarlaşdırmaq üçün cəmi 57 saniyə kifayət edib. Haqverdiyev tam üstünlüklə qalib gəlib. O, 1/4 finalda David Yuldaşevlə (Ukrayna) döyüşəcək.

Nurlan Müseyibli (66 kiloqram) 1/8 finalda Mixael Nikolayenko (İsrail) ilə görüşün taleyini birinci raundda həll edib. Tam üstünlüklə qələbə qazanan milli üzvü növbəti görüşündə Vladimir Versesjanla (Estoniya) qarşılaşacaq.

Hər iki boksçu 1/4 final görüşünə oktyabrın 23-də çıxacaq.

Qeyd edək ki, 32 ölkədən 369 idmançının qatıldığı Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.