Muxtar Babayev: Xəzər dənizinin ekoloji problemləri COP30 gündəliyində mühüm yer tutacaq

İqlim dəyişmələrinin nəticələrinin dəqiq qiymətləndirilməsində alimlərimizin yaxından iştirakı vacibdir.
Bu fikri Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “COP29: Qlobal və milli çağırışlar, elmin vəzifələri” adlı kitabın təqdimat mərasimində çıxışı zamanı səsləndirib.
O, çıxışında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Bildirib ki, cari ilin noyabr ayınadək Azərbaycan bu mötəbər tədbirin sədri kimi fəaliyyətini davam etdirəcək.
Prezidentin nümayəndəsi bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 beynəlxalq tədbirləri təkcə siyasi və iqtisadi deyil, həm də elmi və mənəvi sahələrdə yeni düşüncə tərzi formalaşdırır. Azərbaycan Milli Elmlər Akademiyası COP29 prosesində fəal iştirak edir və bu istiqamətdə ölkənin elmi potensialının səfərbər olunması mühüm əhəmiyyət kəsb edir.
Muxtar Babayev qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş Təşkilat Komitəsi son iki il ərzində 62 ölkəyə səfər edib. Bu, təkcə böyük bir missiya deyil, həm də Azərbaycanın beynəlxalq arenada qazandığı dəyərli təcrübənin göstəricisidir.
“Ölkəmiz son illərdə iqlim diplomatiyası və qlobal tərəfdaşlıq istiqamətində mühüm əlaqələrin qurulmasında fəal rol oynayıb. Bu fəaliyyət nəticəsində Azərbaycan artıq dünyada etibarlı tərəfdaş və məsuliyyətli dövlət kimi tanınır. Prezident İlham Əliyev beynəlxalq ictimaiyyət tərəfindən qlobal miqyasda nüfuzlu lider kimi qəbul olunur. Bu proses bizim üçün ciddi sınaq idi və Azərbaycan bu sınaqdan layiqli şəkildə, yüksək nəticələrlə çıxmağı bacardı”, – deyə o, əlavə edib.
Muxtar Babayev xatırladıb ki, Prezident İlham Əliyev hələ 2022-ci ildə Xəzəryanı Dövlətlərin Zirvə Toplantısında və bu yaxınlarda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək Xəzər dənizinin ekoloji vəziyyətinin pisləşməsi və səviyyəsinin azalması ilə bağlı problemləri gündəmə gətirib. Prezident bu problemin qarşısının alınması üçün sahilyanı dövlətlərin birgə səylərinə ehtiyac olduğunu vurğulayıb.
Prezidentin nümayəndəsi bildirib ki, Xəzər dənizində 1995-ci ildən müşahidə olunan dayazlaşma prosesi son illərdə daha da sürətlənib və artıq gəmiçilik, kənd təsərrüfatı, balıqçılıq və digər sahələrə ciddi təsir göstərməkdədir. Bu məsələ COP29 çərçivəsində geniş müzakirə olunub və bu il Braziliyada keçiriləcək COP30 tədbirində də əsas müzakirə mövzularından biri olacaq.
O, beynəlxalq təşkilatların və elmi institutların Xəzər regionunda ekoloji təhlükələrin dərin tədqiqinə və adaptasiya tədbirlərinin həyata keçirilməsinə yaxından cəlb edilməsinin vacibliyini qeyd edib. Bildirib ki, COP30-un əsas prioritetləri biomüxtəlifliyin qorunması, azsaylı xalqların hüquqlarının müdafiəsi və iqlimlə bağlı etik kodekslərin formalaşdırılmasıdır.
Muxtar Babayevin sözlərinə görə, torpaqların deqradasiyası, flora və faunaya təsirlər, insan sağlamlığına mənfi nəticələr kimi iqlim riskləri qlobal gündəmdə qalmaqdadır.
Sonda Prezidentin nümayəndəsi qeyd edib ki, qarşıdakı illərdə iqlim dəyişmələrinin nəticələrinin dəqiq qiymətləndirilməsi, risklərin modelləşdirilməsi və elmi əsaslı həllərin işlənməsi istiqamətində alimlərin iştirakı xüsusi əhəmiyyət daşıyır.//Azərtac