Azərbaycan regionda sülh və sabitliyə töhfə verən etibarlı tərəfdaş imicini gücləndirib - Fərid Şəfiyev

2011-ci ildən etibarən, Azərbaycanın Qoşulmama Hərəkatına qoşulması ölkəmizin Bandunq prinsiplərinə sadiqliyini nümayiş etdirib. Bu siyasi xətt hazırda da davam etdirilir və Azərbaycan regional əməkdaşlıqla yanaşı, ikitərəfli münasibətlərə, xüsusilə Türkiyə ilə müttəfiqlik əlaqələrinin dərinləşdirilməsinə xüsusi önəm verir.

Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Vyanada keçirilən "Beynəlxalq sülh və təhlükəsizlikdə neytral və qoşulmayan ölkələrin rolu" mövzusundakı konfransda bildirib.

BMTM sədrinin sözlərinə görə, Soyuq Müharibədən sonra Azərbaycan müxtəlif istiqamətlərdə - həm Müstəqil Dövlətlər Birliyi (MDB), həm də Avrointeqrasiya çərçivəsində - əməkdaşlıq imkanlarını dəyərləndirsə də, mövcud geosiyasi vəziyyət ölkəmizi balanslaşdırılmış və praqmatik xarici siyasət xətti yürütməyə vadar edi:

"2019-2023-cü illərdə Hərəkata sədrliyimiz dövründə Azərbaycan beynəlxalq həmrəyliyin gücləndirilməsi, pandemiya dövründə ədalətli vaksin bölgüsünün təşviqi, eləcə də “Qoşulmama Hərəkatı Gənclər Təşkilatı” və Parlament Şəbəkəsinin yaradılması kimi vacib təşəbbüslərlə çıxış edib".

F. Şəfiyev bildirib ki, ölkəmiz beynəlxalq hüququn əsas norma və prinsiplərinin, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinin qorunmasını hər zaman prioritet hesab edib.

"2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Qoşulmama Hərəkatına üzv ölkələrin böyük əksəriyyəti Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ədalətli mövqeyini dəstəkləyib. Bu həmrəy mövqe Hərəkat daxilində qarşılıqlı etimad və dostluğun bariz nümunəsi kimi dəyərləndirilib".

BMTM sədri, həmçinin rəsmi Bakının beynəlxalq platformalarda dialoqun, çoxtərəfliliyin və beynəlxalq ədalətin təşviqinə yönəlik təşəbbüsləri dəstəkləməyə davam etdiyini diqqətə çatdırıb.

"Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də vasitəçilik missiyasının təşviqidir. Ölkəmiz son illərdə bir sıra dövlətlərin nümayəndələri arasında aparılan danışıqlara ev sahibliyi etməklə regionda sülh və sabitliyə töhfə verən etibarlı tərəfdaş imicini gücləndirib".

BMTM sədri həmçinin İkinci Dünya müharibəsi dövründə Qoşulmama Hərəkatının yaranmasını zəruri edən siyasi, iqtisadi və sosial amillər, eləcə də ikiqütblü dünya nizamının süqutundan sonra Hərəkatın qarşısında duran vəzifə və çağırışlar, onun geosiyasi aktor kimi qlobal arenadakı rolu barədə əhatəli təqdimatla çıxış edib.

Qeyd edək ki, tədbir Azərbaycanın Avstriyadakı səfirliyin dəstəyi ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM), Müharibə Nəticələrinin Araşdırılması üzrə Lüdviq Boltsmann İnstitutu və Vyana Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfiri, ATƏT və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndə Rövşən Sadıqbəyli, eləcə də Vyana Diplomatik Akademiyasının direktor müavini Martina Şubert açılış nitqləri ilə çıxış ediblər. Daha sonra ekspertlər mövzu ətrafında fikir mübadiləsi aparıblar.//Trend