Lökbatanda 23 kilometrlik kollektor və sutəmizləyici qurğu tikilir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sular üçün sutəmizləyici qurğularının tikintisi layihələrinə başlayıb.

Agentlikdən bildirilib ki, layihələrdən biri Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğunun tikintisidir.

Ümumi uzunluğu 23 kilometr, məhsuldarlığı gün ərzində 100 min kubmetr olan gətirici kollektorun qurulması nəticəsində bir sıra qəsəbələrin kanalizasiya təchizatı təmin ediləcək. Həmçinin bu işlər çərçivəsində Bakı buxtasının, Xocəsən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyəti yaxşılaşdırılacaq. Layihə Səbail, Yeni Yasamal, Badamdar, Qanlı gölün ətrafı, Bayıl, Bibiheybət, 20-ci Sahə və Xocasən gölü ətrafı ərazilərini əhatə edəcək.

Layihənin tikintisinə 2025-ci ildə başlanılıb və 2028-ci ildə tamamlanması nəzərdə tutulur.

Bu tipli layihələr, xüsusilə mikrotunel texnologiyası ilə qurulan kanalizasiya şəbəkələri müasir və dayanıqlı olması ilə seçirilir, geniş ərazilərdə qurulma imkanı və əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə şərait yaradır. Görülən işlər yeni kollektorlar vasitəsilə daşınan tullantı suların sutəmizləyici qurğulara ötürülməsi və təmizlənməsinə, su hövzələrinin çirklənməsinin qarşısının alınmasına xidmət edəcək.