Dövlət Komissiyası: Dəyəri 185 milyon manatdan çox olan narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb
Cari ilin yanvar-oktyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.
İşçi Qrupundan verilən məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7 min 30 cinayət faktı aşkarlanıb. Onlardan 2 min 232-si narkotik vasitələrin qanunsuz satışı, 4 min 611-i narkotik vasitələrin qanunsuz əldə edilib-saxlanılması, 185-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 7 ton 263 kiloqram 229,113 qram narkotik vasitələrin və psixotrop maddələrin 6 ton 446 kiloqram 419,462 qramını marixuana, 281 kiloqram 848,682 qramını heroin,143 kiloqram 956,179 qramını tiryək, 75 kiloqram 167,942 qramını həşiş,153,551 qramını kokain,181 kiloqram 415,261 qramını digər narkotik vasitələr və 134 kiloqram 268,036 qramını psixotrop maddələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 10 min 506 ədəd metadon, 18 min 923 ədəd çətənə bitkisi, eləcə də 600,492 qram, 95 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.
Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1201,5 hektar sahədən yaş kütləsi 304 ton 762 kiloqram olan 2 milyon 600 min 707 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Qanunsuz dövriyyədən çıxarılmış 7 ton 263 kiloqram 229,113 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 185 milyon 166 min manat kimi qiymətləndirilir.

