Şeyxülislam Allahşükür Paşazadə İslam Aləmi Liqasının Baş katibi ilə görüşüb

İslam Aləmi Liqasının Elektron Platformasının təqdimat və müzakirəsi tədbirində iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə qarşı tərəfin təşəbbüsü əsasında Məkkə şəhərində yerləşən təşkilatın mənzil-qərargahında İslam Aləmi Liqasının Baş katibi Məhəmməd bin Əbdülkərim Əl-İsa ilə görüşüb.

QMİ-nin Mətbuat xidmətindən  bildirilib ki, görüşdə Şeyxülislam A.Paşazadə 2026-cı ildə Azərbaycanda bir sıra beynəlxalq tədbirlərin, o cümlədən QMİ və BMT Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı ilə Multikulturalizm və İslamofobiya mövzularında nüfuzlu beynəlxalq konfrans keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb və İslam Aləmi Liqasının Baş Katibini həmin tədbirə dəvət edib.

M.Əl-İsa dəvətə görə təşəkkürünü bildirib və Azərbaycana səfər edəcəyindən məmnun olacağını xüsusi qeyd edib.

QMİ sədri A.Paşazadə Ermənistanın Azərbaycana qarşı təcavüzü dövründə İki Müqəddəs Ocağın Xadimi Kral Salman bin Əbdüləziz başda olmaqla Səudiyyə Ərəbistanı Krallığının, o cümlədən İslam Aləmi Liqasının daim Azərbaycanı birmənalı olaraq dəstəklədikləri vurğulayaraq, bu dost və qardaş mövqeyinə görə Səudiyyə tərəfinə dərin minnətdarlığını ifadə edib. Şeyxülislam hazırda işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparıldığını, erməni vandalizminə məruz qalmış mədəni-mənəvi irsimizin dirçəldilməsi üçün dövlətimiz tərəfindən misilsiz yenidənqurma işlərinin davam etdirildiyini, həmin torpaqlarda dağıdılmış məscidlərin yerində yenilərinin inşa edildiyini və oradan azan səslərinin ucaldığını həmsöhbətinin diqqətinə çatdırıb.