Ceyhun Bayramov Vladanka Andreyeva ilə görüşüb
Dekabrın 22-də xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.
Xarici İşlər Nazirliyindən bildirilib ki, görüşdə Ceyhun Bayramov Azərbaycanla BMT arasında mövcud münasibətlərin inkişafını məmnunluqla qeyd edib. Nazir bu istiqamətdə göstərdiyi səylərə görə rezident əlaqələndiriciyə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı vəziyyət müzakirə olunub. Ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığından məmnunluq ifadə edilib.
Ölkəmizin 2026-cı ildə BMT-nin şəhərsalma üzrə əsas platforması olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edəcəyi xatırlanıb. Bu tədbirlərin Azərbaycanın çoxtərəfli diplomatiyada aparıcı rolunu nümayiş etdirdiyi vurğulanıb.
2021-2025-ci illəri əhatə edən Azərbaycan-BMT Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinin icrasının uğurla yekunlaşdırıldığı, cari ilin oktyabr ayında imzalanmış 2026-2030-cu illər üzrə yeni sənədin Azərbaycan-BMT tərəfdaşlığında yeni mərhələnin başlanğıcını qoyacağı bildirilib.
Ceyhun Bayramov Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra ərazilərimizdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühitinin yaradılması istiqamətində atılan mühüm addımlardan danışıb. Bu il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin və əldə edilmiş digər tarixi razılıqların regionda sülh prosesinin irəlilədilməsində əhəmiyyətli mərhələ olduğunu diqqətə çatdırıb. Nazir, həmçinin rezident əlaqələndiriciyə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

