Hərbi qulluqçularımız Türkiyədə ixtisasartırma kursunu uğurla başa vurublar
Hərbi Hava Qüvvələrimizin 3 nəfər hərbi qulluqçusu Türkiyənin Ərzurum şəhərində təşkil olunmuş xilasetmə təlimlərində iştirak edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qardaş ölkədə keçirilən bu təlimlər çərçivəsində şəxsi heyət çətin təbii şəraitdə fəaliyyət bacarıqlarını artırıb. Hərbi qulluqçularımız “Qış dağçılığı və qış şərtlərində həyatda qalma, yaralının xilas edilməsi” mövzusunda təşkil olunan kursu uğurla tamamlayaraq müvafiq bilik və praktiki vərdişlərə yiyələniblər.
Təlimlər zamanı qarlı və dağlıq ərazilərdə hərəkət, ekstremal hava şəraitində sağqalma, yaralılara ilkin tibbi yardımın göstərilməsi, eləcə də onların təhlükəsiz şəkildə təxliyəsi üzrə praktiki məşğələlər icra olunub.
Bu kimi ixtisasartırma kursları şəxsi heyətin sərt iqlim və mürəkkəb relyef şəraitində peşə hazırlığının gücləndirilməsinə, axtarış-xilasetmə əməliyyatları zamanı operativliyin və effektivliyin artırılmasına, eyni zamanda, hərbi qulluqçuların bilik və bacarıqlarının beynəlxalq təcrübə əsasında daha da inkişaf etdirilməsinə xidmət edir.

