Milli Məclisin sədri Oman Sultanlığı Dövlət Şurasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfəri çərçivəsində Oman Sultanlığı Dövlət Şurasının sədri Şeyx Əbdülməlik Al Xəlili ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə ölkələrimiz arasında dostluq, qarşılıqlı hörmət və anlayışa əsaslanan ikitərəfli münasibətlərin mövcudluğu vurğulanıb.
Qeyd edilib ki, xalqlarımız arasında mövcud tarixi, dini və mədəni oxşarlıqlar ölkələrimiz arasında münasibətlərin inkişafı üçün geniş imkanlar yaradır. Söhbət zamanı iki ölkənin qanunverici orqanları arasındakı əlaqələrə dair fikir mübadiləsi aparılıb və parlamentlər arasındakı qarşılıqlı fəaliyyətin münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulanıb.
Tərəflər son illərdə parlamentlər səviyyəsində əlaqələrin dərinləşməsindən məmnunluq ifadə ediblər. Xüsusilə parlament sədrləri səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində təmasların gücləndirilməsi əlaqələrimizin genişlənməsində mühüm amil kimi qiymətləndirilib.
Oman Sultanlığı Dövlət Şurasının sədri Şeyx Əbdülməlik Al Xəlili Milli Məclis sədrinin Oman Sultanlığına ilk rəsmi səfərinin ikitərəfli əlaqələrin daha da inkişafına təkan verəcəyinə inamını bildirib.
Vurğulanıb ki, parlamentlərimiz həm ikitərəfli, həm də beynəlxalq parlament platformalarında uğurlu əməkdaşlığa malikdir. O cümlədən Parlamentlərarası İttifaq, Asiya Parlament Assambleyası və İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlarda qarşılıqlı dəstək nümayiş olunur.
Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulma Hərəkatı Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq Oman parlamentinin təşkilatda fəal iştirakından məmnunluğunu ifadə edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

