Daxili işlər naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin sırasından seçim edəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 6-da Yevlax rayonunda vətəndaşların müraciətlərini dinləyəcək və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata görə, həmin gün Yevlax, Mingəçevir, Ağdaş, Ucar və Kürdəmir rayonlarının sakinlərinin müraciətləri Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında dinləniləcək.

Nazirlə görüşmək istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı martın 5-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı martın 6-ı saat 08:00-da Yevlax Olimpiya İdman Kompleksində keçiriləcək.

Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.