Xəzərdə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib
Xəzər dənizinin ölkəmizə mənsub ərazi sularında dəniz sərhədlərinin etibarlı mühafizəsi, üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirləri uğurla həyata keçirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, xidmətin Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinə “Yamaha-55” markalı, “Mİ-912” bort nömrəli balıqçı qayığının mühərrikində yaranmış problemlə əlaqədar 2 nəfər heyət üzvünün köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi koordinatlar üzrə dərhal həmin istiqamətə göndərilib.
Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində dənizdə köməksiz vəziyyətdə qalan Neftçala rayon sakinləri – 1977-ci il təvəllüdlü Faiq Nadir oğlu Rzayev və 1989-cu il təvəllüdlü Rauf Museyib oğlu Məhərrəmov sərhədçilər tərəfindən xilas edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıblar.

