Pakistanın Baş naziri Azərbaycanın ədliyyə naziri Fərid Əhmədovu qəbul edib
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Pakistana səfəri çərçivəsində Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovu qəbul edib.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Fərid Əhmədov ilk növbədə Prezident İlham Əliyevin səmimi salamlarını Pakistanın Baş nazirinə çatdırıb.
Məhəmməd Şahbaz Şərif də öz növbəsində salamlarını və dərin ehtiramını Azərbaycan dövlət başçısına çatdırmağı xahiş edib.
Görüş zamanı Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin tarixi, mədəni və dini bağlılıqlara əsaslandığı, eyni zamanda bütün istiqamətlər üzrə strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyi vurğulanıb.
Görüşdə Azərbaycan Ədliyyə Nazirliyi ilə Pakistan Federal Hüquq və Ədliyyə Nazirliyi arasında son iki ildə imzalanmış Əməkdaşlıq Memorandumu və Əməkdaşlıq Proqramı çərçivəsində tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsi üzrə tədbirlərin həyata keçirildiyi bildirilib. İki ölkə arasında imzalanmış hüquqi sənədlərin münasibətlərin inkişafına mühüm töhfə verdiyi qeyd edilib.
Ölkələr arasında hüquqi yardım və ekstradisiya sahəsində səmərəli əməkdaşlıq müzakirə edilib. Həmçinin hüquq və ədliyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanlarının mövcud olduğu vurğulanıb.

