İyunda orta aylıq temperatur iqlim normasından yuxarı olub

Cari ilin iyun ayında Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 21 gün normadan yuxarı (1–7 dərəcə), 9 gün normadan aşağı (0–2 dərəcə) olub. Orta aylıq temperatur 24 dərəcə isti olub ki, bu da iqlim normasından 1 dərəcə yuxarıdır.

Bunu  açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında iyun ayında maksimal temperatur iyunun 19-da 37 dərəcə isti (Sumqayıt) , bölgələrdə isə (Culfa) iyunun 20-də 40 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında iyunun 3-də 11 dərəcə isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə həmin gün temperatur 0 dərəcəyə yaxın (Şahdağ) olub:“İyun ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı olub, şimşək çaxıb, dağlıq ərazilərdə qar yağıb. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 168 faizi olmaqla Balakən-Şəki zonasına (Kişçay-Şəki 170 millimetr), aylıq normanın 295 faizi olmaqla Mərkəzi Aran zonasına (Biləsuvar 59 millimetr) və aylıq normanın 258 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı 26 millimetr) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü iyunun 7-də Şahdağda 1 santimetr qeydə alınıb”.

Nazim Mahmudov deyib ki, iyun ayı ərzində Daşkəsən, Gədəbəy, Zaqatala, Tovuz, Qazax, Göygöl, Tərtər, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Ağstafa rayonlarının bəzi kəndlərində dolu müşahidə olunub. Ən iri dolu Ağstafa rayonunda qeydə alınıb və diametri 25–28 millimetr təşkil edib.

“İyun ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı 6 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 6 gün, bölgələrdə isə 23 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında və bölgələrdə saniyədə 28 metrədək güclənib”, - deyə xidmətin rəisi vurğulayıb.