BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

Anqolada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə BMT Baş katibinin müavini, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi və İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinosun dəvəti ilə iyulun 16-17-də Luanda şəhərində keçirilən "Sülhə çağırış, müharibələrə son qoyulması və beynəlxalq hüquqa hörmət" təşəbbüsü çərçivəsində təşkil olunan "Sülh Alyansı" Sammitində iştirak edib.

QMİ-nin Mətbuat xidmətindən  bildirilib ki, sammitin açılışında BMT rəsmisi Migel Anxel Moratinos, Anqola Prezidenti Joao Manuel Gonçalves Lourenço və Konqo Demokratik Respublikasının Prezidenti Feliks Antuan Çisekedi çıxış ediblər. Çıxışlarda şeyxülislam Allahşükür Paşazadənin tədbirdə iştirak edən yeganə dini lider olduğu xüsusi vurğulanıb.

Səfər çərçivəsində şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosla, həmçinin Anqola Prezidenti, Konqo Demokratik Respublikasının Prezidenti, Namibiyanın Baş naziri, Anqolanın xarici işlər naziri, İspaniyanın Gernika şəhərinin meri və digər rəsmi şəxslərlə görüşlər keçirib.

İyulun 17-də keçirilən tematik sessiyanın açılışında çıxış edən şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının sülh və beynəlxalq hüququn təşviqinə yönəlmiş təşəbbüsünü yüksək qiymətləndirib, Migel Anxel Moratinosun sivilizasiyalararası dialoqun inkişafına töhfələrini təqdir edib.

Allahşükür Paşazadə Azərbaycanın sülh, multikulturalizm və dinlərarası dialoq sahəsində təcrübəsinə, BMT Sivilizasiyalar Alyansı ilə əməkdaşlığına diqqət çəkib, Prezident İlham Əliyevin Azərbaycan-Ermənistan sülh prosesinə töhfələrinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bildirib.

Şeyxülislam bildirib ki, müqəddəs kitablarda bir insanın qətlə yetirilməsi bütün bəşəriyyətə qarşı cinayət sayılır. O, Gernika, Srebrenitsa və Xocalı faciələrinin unudulmamasının vacibliyini vurğulayaraq, davam edən münaqişələrin beynəlxalq hüquq əsasında sülh yolu ilə həllinə, yeni faciələrin qarşısının alınması üçün birgə səylərin gücləndirilməsinə çağırıb.

QMİ sədri diqqəti Xocalı soyqırımına yönəldərək qeyd edib: “Kütləvi qətliama məruz qalan xalqlardan biri də Azərbaycan xalqıdır ki, bu dəhşətli həqiqəti dünya ictimaiyyəti bilməli, ədalətli qiymətini mütləq verməlidir. Biz hər il 26 fevral tarixində Xocalıda 1992-ci ildə təcavüzkar qonşu dövlət tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə zəminində törədilmiş, 613 nəfər, o cümlədən, 106 qadın, 63 uşaq, 70 qocanın qətlə yetirildiyi soyqırımının ildönümünü qeyd edirik”.

Şeyxülislam çıxışını bu fikirlərlə tamamlayıb: “Bu gün müharibələrin davam etdiyi bir zamanda beynəlxalq hüquqa söykənərək dünyada ədalətin, kövrək atəşkəslərin deyil, davamlı sülhün təntənəsi, Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün çalışmalı, dualar etməliyik. Yeni gernikaların, srebrenitsaların, xocalıların baş verməməsi üçün BMT-nin əlaqələndirici rolu və Sivilizasiyalar Alyansının təşəbbüs və layihələri sayəsində biz - dini liderlər dünyanın daha əmin-aman, dərin mənəvi sütunlar üzərində daha dayanıqlı, ədalətli bərqərarı işinə öz töhfələrimizi verə bilərik”.

Tematik sessiya "Dinlər və inancların liderlərinin dialoq və dinc yanaşı yaşamağın təşviqində rolu" mövzusunda müzakirələrlə davam edib.