Ceyhun Bayramov İsveçrənin XİN rəhbəri ilə regional təhlükəsizliyi müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər üzrə Federal Departamentin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis ilə geniş tərkibdə görüş keçirib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə Azərbaycan-İsveçrə ikitərəfli münasibətlərinin gündəliyi, İsveçrənin ATƏT-ə sədrliyinin prioritetləri, Azərbaycan-ATƏT əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, postmünaqişə dövründə regiondakı vəziyyət, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunub.

Nazirlər qeyd ediblər ki, gələn il Azərbaycan və İsveçrə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi tamam olacaq və bu yubiley son üç onillikdə formalaşmış tərəfdaşlığın qiymətləndirilməsi üçün mühüm fürsətdir.

Görüşdə xarici işlər nazirlikləri arasında yüksək səviyyəli təmasların və müntəzəm siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Bu ilin aprelində Bakıda keçirilən son siyasi məsləhətləşmələrin əməkdaşlığın inkişafına töhfə verdiyi bildirilib.

Tərəflər iqtisadi əməkdaşlığın, o cümlədən Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti vasitəsilə genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Enerji sektorunun ikitərəfli iqtisadi münasibətlərin əsas istiqamətlərindən biri olduğu qeyd edilib, SOCAR Energy şirkətinin İsveçrədəki uğurlu fəaliyyəti qarşılıqlı faydalı əməkdaşlığın nümunəsi kimi qiymətləndirilib.

Nazirlər mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsinin xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildiriblər.

Görüşdə İsveçrənin ATƏT-ə sədrliyinin prioritetlərinə də xüsusi diqqət yetirilib. Azərbaycan tərəfi sədrliyin elm və diplomatiya, innovativ texnologiyalar, su ehtiyatlarının idarə olunması, enerji və rəqəmsal təhlükəsizlik istiqamətlərinə verdiyi önəmi yüksək qiymətləndirib.

Ceyhun Bayramov bildirib ki, ATƏT mürəkkəbləşən təhlükəsizlik mühitində öz aktuallığını qorumaq üçün hərtərəfli təhlükəsizlik konsepsiyasından və geniş coğrafi əhatəsindən səmərəli istifadə etməlidir. Nazir Azərbaycanın suveren bərabərlik, qarşılıqlı hörmət, inklüziv dialoq və konsensus prinsiplərinə əsaslanan effektiv çoxtərəfliliyi dəstəklədiyini vurğulayıb.

Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı danışan nazir qarşı tərəfə sülh prosesinin hazırkı mərhələsi, iki ölkə arasında faktiki sülh şəraiti və həyata keçirilən etimad quruculuğu tədbirləri barədə məlumat verib. O bildirib ki, ikitərəfli formatda əldə olunan irəliləyiş bu yanaşmanın səmərəliliyini bir daha təsdiqləyir.

Nazir, həmçinin, Azərbaycanın qarşılıqlı maraq doğuran və ATƏT-in əlavə dəyər yarada biləcəyi sahələrdə təşkilatla praktiki əməkdaşlığı davam etdirməyə hazır olduğunu diqqətə çatdırıb.

Ceyhun Bayramov Azərbaycanın mina və digər partlayıcı sursatlarla geniş şəkildə çirklənmiş ərazilərinin ölkə üçün ən ciddi humanitar problemlərdən biri olduğunu vurğulayaraq, bu istiqamətdə ATƏT-in mandatı və imkanları çərçivəsində praktiki dəstəyinin vacibliyini qeyd edib.

Görüş zamanı Ukrayna ətrafındakı vəziyyət, Yaxın Şərqdə baş verən proseslər, eləcə də digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.