Fərid Şəfiyev: Azərbaycan Şimal və Cənubdakı münaqişələr arasında mühüm geosiyasi bağlantı rolunu oynayır

Azərbaycanın coğrafi mövqeyi və həyata keçirdiyi nəqliyyat layihələri onu Şimal və Cənub istiqamətlərində mövcud geosiyasi qarşıdurmalar arasında mühüm bağlantı məkanına çevirib. Bu baxımdan, Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən Orta Dəhlizin fəaliyyəti regionun nəqliyyat və iqtisadi əlaqələrinin genişləndirilməsində xüsusi əhəmiyyət daşıyır.

Bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan bu müzakirələrdə həm coğrafi mövqeyi, həm də həyata keçirdiyi regional təşəbbüslərlə xüsusi yer tutur: "Xəritəyə nəzər saldıqda Azərbaycanın Şimal və Cənub istiqamətlərində mövcud iki münaqişə ocağı arasında mühüm coğrafi mövqedə yerləşdiyi görünür. Eyni zamanda, Orta Dəhlizin hazırda fəaliyyət göstərməsi Azərbaycanın Avrasiya nəqliyyat bağlantılarında rolunun artdığını göstərir".

BMTMM sədri Azərbaycanın təxminən 20 il əvvəl Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması istiqamətində atdığı addımları da xatırladıb: "Həmin dövrdə layihənin perspektivlərinə çoxları, o cümlədən bir sıra ekspertlər inanmırdı. Avropa İttifaqı da o vaxt bu layihəyə lazımi dəstəyi göstərməmişdir. Hazırda vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Avropa İttifaqı “Global Gateway” proqramı çərçivəsində regionda bağlantı və nəqliyyat layihələrinə daha çox diqqət ayırmağa başlayıb".

F.Şəfiyev qeyd edib ki, regionda yalnız nəqliyyat və iqtisadi deyil, siyasi dinamikanın da güclənməsi müşahidə olunur. Cənubi Qafqazla Mərkəzi Asiya arasında siyasi qarşılıqlı əlaqələrin və əməkdaşlığın genişlənməsi bu baxımdan diqqətçəkən tendensiyalardan biridir.

BMTMM sədri Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə məsləhətləşmələr formatına qoşulmasını da regionlararası siyasi əlaqələrin inkişafının göstəricisi kimi qiymətləndirib. O vurğulayıb ki, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin güclənməsi Azərbaycanın regional və daha geniş Avrasiya geosiyasi proseslərində rolunu artıran amillərdən biridir.//AZƏRTAC