Azərbaycandakı qoruqlarla bağlı inkişaf strategiyası hazırlanır

Hazırda Dövlət Turizm Agentliyi (DTA) tabeliyində olan hər bir qoruqla bağlı inkişaf strategiyasını, onların inkişaf modellərini hazırlayır.

Bunu Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin sektor müdiri Elgün Cavadov deyib.

Onun sözlərinə görə, strategiyadakı məsələlər qoruqların turizm baxımından əlçatanlığının, cəlbediciliyinin artırılması, turizm şirkətləri üçün yeni paketlərin verilməsi və s. kimi məsələləri əhatə edir.

E.Cavadov qeyd edib ki, hazırda qoruqların mühafizə strategiyaları da hazırlanır. Strategiyalar dünya təcrübəsi nəzərə alınmaqla, eyni zamanda UNESCO-nun tələblərinə və tövsiyələrinə uyğun olaraq tərtib edilir:

 
"Burada texniki tələblər öz əksini tapır. Buna görə də bu, texniki sənəd hesab edilir. Bu sənədə istinad edərək qoruqların mühafizə işini təşkil etmək olar".

Qeyd edək ki, hazırda Dövlət Turizm Agentliyinin tabeliyində 7 qoruq fəaliyyət göstərir. Onlar "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu, "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu, "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğu, "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri "Karvansaray" Mehmanxana Kompleksi daxil olmaqla) və "Kiş" Tarix-Memarlıq Qoruğudur.