ETSN toyların başlanması ilə əlaqədar ictimai-iaşə obyektlərinə xəbərdarlıq edib

“Havaya atılmaların qarşısı alınmalıdır. Bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yayılması ilə bağlı nazirliyə yenə də şikayətlər daxil olduğundan ictimai-iaşə obyektlərində təkrar monitorinqlər aparılıb”.

Bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

O qeyd edib ki, əksər obyektlərdə təmizləyici qurğular quraşdırılsa da, təəssüf ki, onlara vaxtında texniki xidmət göstərilmədiyindən, filtrlər vaxtaşırı təmizlənmədiyindən havaya yenidən tüstü və iy-qoxu yayılır. Bu da sakinlərin haqlı narazılığına səbəb olur. 

 
“Filtrlərin təmizlənməsi nə çətin işdir, niyə bunu vaxtında etmirlər? Artıq Məhərrəm ayının son günləridir, toyların başlamasını nəzərə alaraq ictimai-iaşə obyektlərinin sahiblərinə müraciət edirik ki, filtrləri vaxtında dəyişsinlər və havaya atılmaların qarşısını alsınlar. Əks halda onlar barəsində inzibati qaydada tədbirlər görüləcək".