Astarada koronavirusla bağlı yalan məlumatlar yayan şəxs həbs edildi

Astara rayonunda bir nəfərin “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə ayır-ayrı şəxslərə koronavirus infeksiyası ilə (COVID-19) bağlı dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar göndərdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həyata keçirilmiş müvafiq tədbirlərlə həmin məlumatları yayan şəxsin rayonunun Səncərədi kənd sakini Dunyamalı Məmmədov olması müəyyən edilib və o, Astara RPŞ-yə dəvət olunub.

 
Aparılmış araşdırmalarla D.Məmmədovun hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri müəyyən edilib və o inzibati qaydada həbs olunub.